Azərbaycanda qeyd olunan bayramlar

28 may - Respublika günü XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü - dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.