Türkiyənin turizm paytaxtı - Antalya


Türkiyə Antalya

Antalya - Türkiyənin cənubunda, Aralıq dənizinin qərb sahillərində, körfəz ilə Toros dağlarının əhatəsində yerləşən məşhur kurort şəhəridir. Antalya Türkiyənin əhalisinin ən sıx olduğu beşinci, sahəsinə görə isə altıncı böyük şəhəridir. Türkiyənin turizm paytaxtı hesab edilən bu şəhər mavi dənizi və gözəl çimərlikləri ilə seçilir.

Yeni və tarixi hissədən ibarət olan şəhərdə Aralıq dənizi iqlimi hakimdir. Ümumiyyətlə, Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Antalya şəhəri 1980-ci ildən sonra əlverişli iqliminə görə sürətlə inkişaf etmiş turizm bölgəsinə çevrilib. 1985-ci ildə bu şəhərin maksimum sayda - ildə 2 milyon turist qəbul edib. Hazırda isə hər il Antalyaya Rusiya, Almaniya, İngiltərə, Hollandiya, Azərbaycan və digər ölkələrdən milyonlarla turist gəlir. Antalya ilin 300 günü günəşli olan, yayı isti və quru, qışı mülayim və yağmurlu şəhərdir. Türkiyənin turizm gəlirinin təxminən 35 faizi Antalyanın hesabına ödənilir. Ümumilikdə Türkiyənin ildə ən çox turist çarpayısı satılan şəhəri də 65 faiz göstərici ilə məhz Antalyadır.


Ərazisi 1,4 min kvadratkilometr, əhalisi 2 milyondan çox olan Antalya il ərzində orta hesabla 10-12 milyon turist qəbul edir. Şəhər özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasınaqədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir. Antalya Türkiyədə ən çox antik kənd olan vilayətidir. Özünəməxsus arxitekturası və tarixi abidələri ilə məşhur olan şəhər dağlarla əhatələnib.


Qala içi adlanan qədim şəhər: Turist axınının daha çox qeydə alındığı məkan Qala içi adlanan qədim şəhərdir. Antalyanın görməli yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarəsi Antalyanın simvolu hesab olunur. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da şəhər sakinləri və qonaqların sevimli istirahət məkanlarıdır.


Düden şəlaləsi: Şəlalə Kepez Su Elektrik Stansiyasından başlayır və mənbəyi Düdenbaşı adlanan yerdir. Aşağı Düden və Yuxarı Düden adlanan iki qoldan ibarət olan şəlalə Antalyanın mərkəzindən təxminən 10 kilometr uzaqlıqda yerləşir. Aralıq dənizinə tökülən və müxtəlif mağaralardan ibarət olan şəlaləni dünyanın hər yerindən gələn turistlər ziyarət edir. Burada müxtəlif suvenirləri satılan dükanlar fəaliyyət göstərir.

Olimpos kanatı Kemerin ən məşhur yerlərindən biridir. Tahtalı Dağı ilə Kemer sahili boyunca uzanan və 2365 metr hündürlükdə yerləşən kanat dünyanın ən uzun ikinci, Avropanın isə ən uzun kanatıdır. Kanatla səyahət təxminən 10 dəqiqə çəkir. Burada günəş çıxmasını müşahidə etmək və təmiz havadan zövq almaq olar. Həmçinin burada 200 nəfərlik qapalı və açıq restoran, yığıncaq salonları, dağ paraşütü, durbinlə təchiz edilmiş müşahidə terrasları və möhtəşəm zirvə panoraması var.


Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri, eyni zamanda, Türkiyənin yazdan payıza kimi istirahət edə biləcəyiniz sərfəli kurortudur. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq. Alanya ən böyük mehmanxanalara malik turizm məkandır. Burada 40–dək ölkədən 15 minə yaxın insan mülk alıb və təxminən 10 mindən çox əcnəbi yaşayır.

Alanya qalası bu şəhərin simvollarından biridir. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6,5 kilometrə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqlu əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilib. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın su anbarı tikilib. Həmin su anbarlarının bir hissəsi hazırda istifadə edilir.

Damlataş Mağarası Alanyanın mərkəzindən 1 kilometr uzaqlıqda yerləşir. Qədim dövrlərdə formalaşdığı təxmin edilən karst mağarası 1948-ci ildə kəşf edilib. Təxminən 200 kvadratmetr ərazini əhatə edən mağaranın tavanının hündürlüyü 15 metrdir.

15 views0 comments