Anıtqəbir (Anıtkabir) Ankara

Anıtqəbir (hərfi təcümədə “xatirə qəbir”) - Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün movzoleyidir. Ankarada yerləşən movzoley 1941-ci ildə Türkiyə Hökumətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında tilmişdir.

Mavzoleydə həmçinin 1973-cü ildə vəfat etmiş Türkiyənin ikinci prezidenti İsmət İnönü dəfn edilmişdir. Onun məzarı Atatürkün türbəsi ilə üzbəüz, Mərasim meydanının digər tərəfində yerləşir.

Mavzoley 1966-1987 və 1997-2009-cu illərdə müxtəlif Türkiyə banknotları üzərində təsvir edilmişdir.


Anıtkabir Ankara

Tarixi


Anıttəpə

Anıtqəbirin tilməsindən öncə orada müşahidə məntəqəsi yerləşdiyinə görə hazırda abidənin yerləşdiyi Anıttəpənin adı Rasattəpə (Müşahidə təpəsi) idi. Dəniz səviyyəsindən 906 metr hündürlükdə yerləşən bu təpədə e.ə. XII əsrdə Anadoluda mövcud olmuş Frigiya dövləti dövrünə aid qəbirlər var idi. Ərazidə Anıtqəbirin inşa edilməsinə qərar verilməsindən sonra arxeoloji tədqiqat işlərinə başlanılmış və qəbirlər başqa əraziyə köçürülmüşdür. Qəbirlərdən aşkarlanmış artefaktlar isə Anadolu Sivilizasiyaları Muzeyinə təqdim edilmişdir.

Layihə müsabiqəsi


Anıtqəbir layihəsi üçün yer müəyyən edildikdən sonra, inşa ediləcək layihənin seçilməsi üçün müsabiqə elan edilməsi qərarına gəlindi. Əvvəlcə layihə yarışmasına yalnız Avropa memarlarının təklifləri qəbul edilsə də, mediyanın reaksiyasından sonra, yarışma türk memarları üçün də açıq elan edilərək beynəlxalq müsabiqə elan edilmişdir. Təklif edilən layihələrin dəyərləndirilməsi üçün hökumət tərəfindən prof. Pol Bonatz, prof. İvan Tenqhom, prof. Karoli Vikinger, prof. Arif Hikmət Holtay, memar Muammər Çavuşoğlu və memar Muhlis Serteldən ibarət münsiflər heyəti yaradılmışdı. Müsabiqəyə 27 xarici, 20 türk memarı qatılmış və sonda onlardan üçünün layihəsinə mükafat verilməsinə qərar verilmişdir. Bunlardan biri Tannenberq memorialının da müəllifi olan memar İohann Krüger, digəri Arnoldo Foşini, üçüncüsü isə İstanbul Texniki Universitetinin Memarlıq Fakultəsinin müəllimlərindən olan prof. Emin Xalid Onat və Əhməd Orxan Arda tərəfindən hazırlanmış layihələr idi. Hökumət türk memarlarının layihəsinin həyata keçirilməsinə qərar verir. Bu qərar belə izah edilirdi: “Müsabiqədə qalib gələn hər üç layihə bir çox baxımdan eyni dəyərə malikdir. Lakin, onların arasında iki türk tərəfindən hazırlanmış layihə bu beynəlxalq mövzunu daha müvəffəq şəkildə əks etdirmişdir. Bundan başqa, münsiflər heyətinin məlumatında bildirildiyi kimi, bu layihənin əraziyə uyğunluğu digər layihələrdən daha üstündür.”

Layihə və inşaat

Anıtqəbirin yerinin seçilməsi üçün yaradılmış komissiya 1 mart 1941-ci il tarixində beynəlxalq layihə yarışması haqqında elan verdi. Yarışmaya Türkiyə, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Fransa və Çexslovakiyadan ümumilikdə 47 layihə göndırilmişdi. Onlardan üçü mükafata layiq görülsə də, o dövrün Türkiyə hakimiyyəti Milli mövzunu daha yaxşı ifadə etməsi və əraziyə daha çox uyğun olmasını əsas gətirərək türk memarlar Emin Onat və Əhməd Orxan Ardanın müəllifi olduğu layihəni gerçəkləşdirməyə qərar verir. 9 oktyabr 1944-cü ildə inşaat işlərinə start verildi. 9 il davam edən inşaat prosesindən sonra 1953-cü ildə Anıtqəbirin inşası tamamlandı.

Tikinti prosesi dörd mərhələdə həyata keçirilmişdi. Aslanlı yolun istinad divarları və torpaq səviyyəsində işləri əhatə edən birinci mərhələ 9 oktyabr 1944-cü ildə başlanmış və 1945-ci ildə tamamlanmışdır. Mavzoley və mərasim meydanı ətrafındakı köməkçi binaların tikintisini əhatə edən ikinci mərhələdə tikinti işləri 29 sentyabr 1945-ci ildə başlanmış və 8 avqust 1950-ci ildə tamamlanmışdır. Bu mərhələdə daşyonma və dəmir-beton tikinti sisteminə görə təməl təzyiqinin azaldılması üçün abidə kütləsinin təməl layihəsinin hazırlanması qərarlaşdırılmışdır. 1947-ci ilin sonuna kimi mavzoleyin təməl qazıntı işləri və izolyasiyası tamamlanmış, istənilən çökmənin qarşısının alınması üçün 11 metr hündürlükdə dəmir-beton təməl sisteminin dəmir montajı işləri tamamlanma mərhələsinə gətirilmişdir. Həmçinin giriş qüllələri ilə yol düzəninin önəmli bir hissəsi, yaşıllaşdırma və suvarma sisteminin bir hissəsi tamamlanmışdır.

Üçüncü mərhələdə abidəyə aparan yollar, aslanlı yol, mərasim meydanı, mavzoleyin üst döşəməsinin daş üzləməsi, pilləkənlərin inşası, sərdabə daşının yerləşdirilməsi və təsisat işləri həyata keçirilmişdir. Üçüncü mərhələ 1950-ci ildə tamamlanmışdır. Dördüncü mərhələdə şərəf zalının döşəməsi, sərdabə döşəməsi, şərəf zalı ətrafının daş profilləri ilə saçaq bəzəklərinin işlənməsi həyata keçirilmişdir. Bu mərhələ 20 noyabr 1950-ci ildən 1 sentyabr1953-cü ilə kimi davam etdirilmişdir.

Memarlıq xüsusiyyətləri


Anıtqəbir layihəsində mavzoleyin kollonada üzərində yüksələn sərdabə hissəsinin inşası nəzərdə tutulmuşdu. 4 avqust 1951-ci ildə o dövr Türkiyə hökuməti layihənin memarlarına müraciət edərək, “Şərəf zalı”nın 28 metr hündürlüyünün azaldılması halında inşaat işlərinin tez yekunlaşdırılmasının mümkün olub-olmamasını soruşur. Memarlar layihədə dəyişiklik edərək “Şərəf zalı”nın daş örtük ilə yox, beton tavan ilə örtülməsinin mümkünlüyünü bildirirlər. Beləcə daş qurğunun verəcəyi ağırlıq və texniki problemlər də aradan qalxmış olardı.

Anıtqəbirin tikintisində beton hissələrin üzlənməsi üçün asan işlənən və müxtəlif rəng çalarları olan travertin, movzeleyin interyerlərinin işlənməsi üçün isə mərmər istifadə edilmişdir. Heykəl qrupları, şir heykəlləri və kollonadanın üzlənməsin istifadə edilmiş travertin Pınarbaşı, Kayseridən, qüllənin interyerində istifadə edilmiş ağ travertinlər isə Poladlı və Malıköydən gətirilmişdir. Boğazköprü, Kayseridən gətirilmiş qara və qırmızı travertinlər mərasim meydanı və qüllələrin zəmin döşəmələrində, Karabük, Əskipazardan gətirilmiş sarı travertinlər isə zəfər qabartmaları, “Şərəf zalı”nın eksteryeri və mərasim meydanını əhatələyən sütunların üzlənməsində istifadə edilmişdir.

Şərəf zalının zəminində istifadə edilmiş krem, qırmızı və qara mərmərlər Çanaqqala, Hatay və Adanadan, zalın yan interyer divarlarında istifadə olunmuş mərmərlər Afyonkarahisardan, yaşıl mərmərlər isə Biləcikdən gətirilmişdir.

40 ton ağırlıqda olan sarkofaq daşı Osmaniyədən, sarkofaqın yan divarlarını üzləyən ağ mərmərlər isə Afyonkarahisardan gətirilmişdir. Ümumilikdə Anıtqəbirin memarlığı 1940-1950-ci illər Türkiyə memarlığının “İkinci Milli Memarlıq Hərəkatı” adlandırılan dövrünün xüsusiyyətlərini əks etdirir. Bu dövrdə daha çox monumental xüsusiyyət daşıyan, simmetrikliyə əhəmiyyət verən, kəsmə daş materialların istifadə edildiyi binalar yaradılmışdır. Anıtqəbir də bu xüsusiyyətləri özündə birləşdirir. İlkin layihədə mavzoleyin ikimərtəbəli olması planlaşdırılsa da, sonradan iqtisadi problemlər səbəbiylə ikinci mərtəbənin inşasından imtina edilmişdir. Dövrün memarlıq üslubu ilə yanaşı, Anıtqəbirdə Səlcuqlu və Osmanlı memarlıqlarının da bəzi xüsusiyyətləri əks etdirilmişdir. Məsələn, fasadlarda, divarların dam ilə birləşdiyi yerlərdə, qüllələri dörd yandan əhatə edən və Səlcuqlu memarlığında mişar dişi adlandırılan bordurlar vardır. Həmçinin Anıtqəbirin bəzi yerlərində (Mehmetcik qülləsi, Muzey müdruyyəti binası) istifadə edilmiş çərxifələk və rozet adlandırılan daş işləmələrinə Səlcuqlu və Osmanlı memarlığında da rast gəlinir.

Tikiildiyi dövrün ən gözəl memarlıq nümunələrindən biri sayılan Anıtqəbir 750.000 m² ərazini əhatə etməklə, Sülh Parkı və Abidə bloku adlı iki hissəyə ayrılır.

Qabartmalar

Sakarya müharibəsi mövzulu qabartmanın sağında bir gənc, iki at, bir qadın və bir kişi təsvir olunub. Bunlar savaşın ilk dövründə düşmən hücumları qarşısında evlərini tərk edərək qaçqın halına düşmüş insanlardır. Sağdakı gənc arxaya dönmüş, sol əlini qaldırıb yumruğunu sıxaraq düşmənlərə “Bir gün dönəcək və sizdən qisasımızı alacağıq” deyir.

Bu üçlü qrupun önündə palçığa batmış bir araba, çabalayan atlar, təkəri döndürməyə çalışan bir kişi və iki qadın ilə ayaq üstə durmuş bir igid və ona qılınc təqdim edən diz çökmüş bir qadın vardır. Bu qrup fiqurlar Sakarya müharibəsi başlamamışdan əvvəlki dövrü təmsil edir. Bu qrupun solunda yerdə oturmuş iki qadın və bir uşaq, düşmən istilası altında Türk ordusunu gözləyən xalqı simvolizə edir. Bu xalqın üzərindən uçaraq Başkomandir Mustafa Kamala çələng təqdim edən bir zəfər mələyi vardır.

Kompozisiyanın sonunda yerdə oturan qadın “Ana Vətən”i, diz çökmüş gənc Sakarya müharibəsində qalib gəlmiş Türkiyə ordusunu, ağac budağı isə zəfəri simvolizə edir. Qabartmanın müəllifi İlhan Komandır.

Dumlupınar döyüşü təsvirli qabartmanın solunda yer alan və bir kəndli qadın, bir oğlan uşağı və bir atdan ibarət qrup millət olaraq savaşa hazırlıq dövrünü təmsil edir. Sonrakı hissədə Atatürk bir əlini irəli uzatmış və “Ordular, ilk hədəfiniz Ağdənizdir, irəli!” deyərək Türkiyə Ordusuna hədəfi göstərməkdədir.

Öndəki mələk Atatürkün əmrini borusu ilə uzaq üfüqlərə ötürür. Bundan sonrakı hissədə Atatürkün əmrini yerinə yetirən Türkiyə ordusunun fədakarlıqlarını və qəhrəmanlıqlarını təmsil edən qabartma yer alır. Öndə isə Türkiyə bayrağı ilə Türkiyə ordusunu çağıran zəfər mələyi yer alır. Qabartmanın müəllifi Zühtü Müridoğludur.

7 views0 comments
  • Facebook - Siyah Çember
  • YouTube Sosyal Simge
  • Siyah Instagram Simge
  • Heyecan Sosyal Simge
  • Pinterest Sosyal Simge
  • LinkedIn Sosyal Simge

EMATEK

Mad. Tur. Med. Elektrn. Mak. İnş. San. Tic. Ltd. Şti.

Vergi Dairesi: Maltepe

Ver.No: 333 069 7175

Tic.Sicil No: 249529

EMAPARK ANKARA Mərkəz Ofis

Adres: Mustafa Kemal Mahallesi Dumlupınar Bulvarı Tepe Prime  A Blok No:266 Asma Kat Daire No:18  Çankaya/ANKARA/Türkiyə   06510

EMAPARK İzmir Ofis: Manavkuyu mah. Alija İzetbegovic cad. No:47/B Bayraklı/İzmir/Türkiyə

35535

E-mail:  info@emapark.com

www.emapark.az

www.emapark.com

www.evalinir.com

www.emaparkdatca.com

logo-whatsapp-transparent-background-22.

© 2008 by  EMATEK Ltd. Şti.